Coffee shop yoxsa kovörkinq?
Çox sevindirici bir haldır ki, yaşadığımız dövrdə işlərimizi istənilən yerdən idarə edə bilərik. Bu səbəbdən bir çox gənc peşəkarlar ənənəvi ofis mühitindən uzaqlaşıb, daha sakit və eyni zamanda daha rahat kovörkinq mərkəzlərində çalışmağı üstün tuturlar. Başqa bir məşhur tendensiya isə ənənəvi iş yerini coffee shop`lardakı oturacağa dəyişməklə “istənilən yerdə ofisə” sahib olmaqdır.
Bəs bu yeni tendensiyaların müsbət və mənfi cəhətləri nələrdir ? Gəlin, bir az coffee shop`lardan danışaq.
Qovrulmuş qəhvə qoxusu sizi canlandırır və daha məhsuldar çalışmağınıza səbəb olur. Əlbəttə ki, gözəl dizayn, dadlı kofelər və qəlyanaltıların müsbət təsirini də qeyd etməmək olmaz. Evdən çalışmaqdan fərqli olaraq, burada fikrinizi ancaq bitmiş kofenizi yeniləmək və bəzən də ətrafdakılardan birinin yüksək səslə danışması yayındıra bilər (bu bəzən çox bezdirici hal ala bilər).
Coffee shop`ların müsbət tərəfləri ilə tanış olduq. Bəs mənfi cəhətləri ? Yuxarıda qeyd etdiyimiz kimi, bəzən ətrafdakıların yüksək səslə danışması sizə mane ola bilər. Bundan başqa, təəssüf ki, burada internet həmişə sürətli olmur və zəif internetlə çalışmaq sizin həm vaxtınızı alır, həm də motivasiyanızı azaldır.
Coffee shop`lar çalışma zonası olaraq nəzərdə tutulmadığı üçün burada təhlükəsizlik tam şəkildə təmin olunmur. Məsələn, siz masanızdan qısa müddətlik uzaqlaşsanız belə, əşyalarınızı özünüzlə aparmalısınız, əks təqdirdə əşyalarınızın itməsi və digər xoşagəlməz hallarda məsul şəxs ancaq özünüzsünüz.
Nəzərə almalı olduğunuz bir başqa nüans isə budur ki, coffee shop`larda hər zaman sizi gözləyən boş bir masa olmaya bilər və gəldiyiniz kimi qayıtmalı olarsınız.
Son olaraq etiraf etməliyik ki, heç də bütün coffee shop`lar saatlarla oturan müştəriləri görməkdən məmnun qalmır. Əgər saatlarla oturduqdan sonra, kimlərinsə sərt baxışı ilə üzləşirsinizsə, bilin ki, siz də elə məkanlardan birindəsiniz.
Niyə coffee shop yox, kovörkinq?
Ortaq ofislərin ən müsbət cəhətlərindən biri odur ki, siz burada çalışmaq üçün motivasiya qazanırsınız. Burada hər kəsin tək məqsədi çalışmaqdır və eyni məqsədi daşıyan insanlarla əhatələnmək sizin öz işinizdə məhsuldarlığınızı artıra bilər.
Kovörkinq mərkəzlərində fərqli iş zonaları mövcuddur. Bunlara ümumi zonada yerləşən qaynar masa, sabit masa və ya kubiklları, yaxud da şəxsi ofisləri misal göstərmək olar. Siz burada özünüzə uyğun iş zonası seçə bilər və limitsiz kofe, çay və şirniyyat xidmətlərindən yararlana bilərsiniz. Onu da qeyd etmək lazımdır ki, bu mərkəzlər 7/24 açıqdır və siz istənilən saatda gəlib çalışa bilərsiniz. Eyni zamanda, tez-tez keçirilən maraqlı tədbirlərdə iştirak etməklə günün yorğunluğunu atmaq da müsbət cəhətlərdən biridir.
Coffee shop`lardan fərqli olaraq, burada siz yüksək sürətli internet və tam təhlükəsizliklə təmin olunursunuz. Təbii ki, printer və skaner xidmətləri də mövcuddur.
Ən əsası, kovörkinq mərkəzlərində çalışmaqla siz öz işinizlə bağlı müzakirələr apara biləcəyiniz insanlarla və hətta potensial müştərilərlə tanış ola bilərsiniz.
Bütün bunları nəzərə aldıqda, görürük ki, coffee shop`larla müqayisədə kovörkinq mərkəzlərində daha yaxşı iş mühiti əldə etmək mümkündür. Çünki kovörkinq mərkəzləri çalışma zonası kimi fəaliyyət göstərir və çalışmaq istəyən hər kəs üçün nəzərdə tutulub.
Author
Nubar Bayramova
Tags
Müəllif yazıları
Published time
26-MAY-2022 / 17:45